Hövzə Xəbər Agentliyinin məlumatına görə, virtual məkan informasiya mübadiləsi və fərdi, eləcə də ictimai həyatın bir çox sahələrinin asanlaşdırılması baxımından faydalı bir alət ola biləcəyi kimi, onun zərərlərinə diqqətsizlik və ya yetərsiz diqqət göstərildiyi təqdirdə, şübhəsiz ki, ailə mərkəzli olmaqla sosial və fərdi münasibətlər sahəsində dağıdıcı nəticələrə səbəb ola bilər. Belə ki, biz inanırıq ki, ailə cəmiyyətin ən vacib təməl daşı olaraq, insanların emosional ehtiyaclarının qarşılanması və psixoloji sağlamlığının qorunmasında əvəzsiz rol oynayır. Lakin virtual məkanın və sosial şəbəkələrin düzgün istifadə edilməməsi ailənin möhkəmliyini təhlükə altına ala bilər.
Həyatda pozuntuların yaranmasında mühüm amil
Höccətül-islam vəl-müslimin Mehdi Hadi – ailə məsələləri üzrə mütəxəssis və məsləhətçi – qeyd edir ki, virtual məkanın yanlış istifadəsi şübhəsiz ki, həyatdakı pozuntuların əsas səbəblərindən biridir. O bildirib: Mövcud dövrdə virtual məkan və media vasitələrinin hökmranlığı elə bir vəziyyət yaradıb ki, həyat yoldaşları eyni evdə, guya bir yerdə olsalar da, əslində bir-birlərindən uzaqdırlar. Çünki hər kəsin əlində bir smartfon var və onunla məşğuldur. Ən yaxşı halda isə bir yerdə oturub televizora baxırlar.
O əlavə edir: Əslində elə bir şərait yaratmalıyıq ki, ailə üzvləri, xüsusilə də qadın və kişi bir-biri ilə ünsiyyət qura bilsinlər və yalnız fiziki olaraq deyil, mənəvi cəhətdən də birgə olsunlar. Sosial psixoloqlar da hesab edirlər ki, eyni məkanda olan insanlar bir-birinə qarşı müsbət hisslər formalaşdırırlar və bu da qarşılıqlı maraq və sevgiyə səbəb olur. Halbuki virtual məkanın yalnış istifadəsi bu müsbət hisslərin yaranmasına mane olur və insanlar, xüsusilə də ev daxilində, zamanla bir-birindən uzaqlaşırlar – baxmayaraq ki, zahirən hələ də 'ev' adlı birgə məkanda yaşayırlar.
Media zərərlərindən qurtulmaq üçün bir resept
Ailə məsələləri üzrə mütəxəssis və məsləhətçi vurğulayır: Bu baxımdan mənim fikrimcə, həyat yoldaşları əgər televizora baxmaq istəyirlərsə, bunu birlikdə etməlidirlər. Sonra isə baxdıqları proqram, serial və ya film haqqında bir-birlərindən fikir soruşmalı və qarşı tərəfin reaksiyalarına da münasibət bildirməlidirlər. Virtual məkanla bağlı da bu yanaşma tətbiq oluna bilər; məsələn, kişi və qadın birlikdə bir məzmuna baxıb onunla bağlı fikir mübadiləsi aparsınlar ki, heç olmasa bu sahədə birlikdəlik daha çox hiss olunsun. Yoxsa biri bir platformada, digəri isə tamam fərqli bir virtual məkanda olsun, bu doğru deyil.
Höccətül-İslam vəl-Müslimin Hadi əlavə edir: Təəssüf ki, bəzi ailələr virtual məkanın təhlükə və zərərlərini lazımınca anlamır və tanımırlar. Məsələn, bir məclisdə uşağın fiziki olaraq böyüklərin söhbətinə mane olmaması üçün ona telefon və ya planşet verirlər. Bu isə sanki uşağımızı qorumasız şəkildə dənizə buraxmaq kimidir – sadəcə özümüz rahat olmaq üçün. Halbuki bu vəziyyətdə uşağın sağlamlığı ciddi təhlükə altındadır.
Ailədə emosional münasibətlərin zəifləməsi təhlükəsi
Klinik psixoloq və universitet müəllimi Dr. Mərziyyə Əzizi inanır ki, həyat yoldaşları bir-birinə qarşı müəyyən vəzifə, öhdəlik və bağlılıqlara sahibdirlər. Lakin virtual məkana daxil olduqdan sonra bu öhdəliklər və gözləntilər zəifləyə və ya sarsıla bilər.
O əlavə edir: Son illərdə aparılan bir çox tədqiqatlar sübut edir ki, həyat yoldaşları arasında emosional əlaqələrin və qarşılıqlı ünsiyyətin azalması, eləcə də onların seksual və emosional məmnuniyyətinin nəzarətsiz şəkildə virtual məkanda vaxt keçirmələri ilə mənfi şəkildə əlaqəli olduğu müşahidə olunmuşdur.
Dr. Əzizi virtual məkanın cütlüklər arasındakı münasibətlərə mənfi təsirlərindən danışaraq deyir: Sosial şəbəkələr istifadəçilər üçün virtual bir cəmiyyət rolunu oynayır və bu da fərdlərin bir-biri ilə əlaqə qurmasına, müxtəlif sosial fəaliyyətlərdə və əyləncələrdə iştirak etməsinə, eləcə də ehtiyac duyduqları məlumatlara çıxış əldə etməsinə səbəb olur. Bununla belə, nəzərə almaq lazımdır ki, sosial şəbəkələr çox vaxt ailə həyatına dair yanlış təsəvvür yaradır və bu da insanlarda sevgi, inam və bağlılıq anlayışlarında yanlış fikirlərin formalaşmasına yol açır.
O bildirir: Təbii ki, insanlar virtual məkanda romantik və idealist münasibət səhnələri gördükdə, bunları öz real evlilikləri ilə müqayisə etməyə başlayırlar. Halbuki unudurlar ki, gerçək həyat, sosial mediada təqdim olunan və vurğulanan görüntülərdən tamamilə fərqlidir.
Ünsiyyət və şifahi qarşılıqlı əlaqələrin azalması
Universitet müəllimi əlavə edir: Müşahidələr göstərir ki, virtual məkanda çox vaxt keçirən cütlüklər arasında emosional boşanma halları daha çox müşahidə olunur. Qeyd etmək lazımdır ki, həyat yoldaşları arasında ən sadə ünsiyyət forması olan şifahi qarşılıqlı əlaqə və söhbətlər belə, gündə cəmi 20 dəqiqə virtual məkanda vaxt keçirməklə azala bilir. Bu isə ailə daxilində, xüsusilə də cütlüklər arasında emosional bağlılığın zəifləməsinə gətirib çıxarır.
O vurğulayır: Həyat yoldaşlarından hər hansı birinin virtual məkanda həddindən artıq vaxt keçirməsi onun həyat yoldaşının psixoloji və ətraf mühitindən uzaqlaşmasına səbəb olur. Bu isə nəticədə cütlüklərin sadəcə fiziki olaraq eyni məkanda yaşaması ilə nəticələnir və onlar birgə həyat üçün nəzərdə tutduqları məqsədlərdən uzaqlaşmış olurlar.
Müasir media vasitələri mütləq şəkildə boşluqları doldurmur
Dini təhsil alan xanımların hövzəsində tədqiqatçı və araşdırmaçı olan Nərgiz Şəkərzadə bildirib ki, müasir media vasitələri zəruri şəkildə cəmiyyətimizin mədəni və tərbiyəvi boşluqlarını doldura bilmir. O deyir: Bəzən sosial şəbəkələrdə fərqli zövqlər və həyat tərzləri ilə qarşılaşırıq. Bu da virtual məkanın zərərlərindən biridir: insanların həyat tərzində dəyişiklik yaratması. Əvvəllər ortaq məqsəd və zövqlərlə birgə həyata başlayan cütlüklər, sosial şəbəkələrdə gördükləri fərqli və dəbdəbəli həyat tərzlərindən təsirlənərək öz həyatlarını dəyişmək istəyirlər. Onlar real həyat şərtlərini sosial mediada gördükləri lüks həyatla müqayisə edirlər və əlçatmaz arzuların ardınca düşürlər. Bu da ailədə iqtisadi təzyiqə və həyat keyfiyyətindən narazılığa səbəb olur, nəticədə isə psixoloji təzyiq və gərginlik gətirir.
O əlavə edir: Sosial şəbəkələrdə paylaşılmış xəyalvari və illüziyaya əsaslanan həyat səhnələri, fərdlərdə öz həyat şərtlərinə qarşı narazılıq, özgüvən itkisi və özünü dəyərsiz hiss etmə duyğusu yaradır. Bundan əlavə, bu görüntülər bir çox hallarda insanın özünü həyat yoldaşı üçün kifayət qədər cazibədar hesab etməməsinə səbəb olur. Bu vəziyyət, xüsusilə qadınlarda müxtəlif estetik əməliyyatlara yönəlməyə gətirib çıxarır. Əlbəttə, bu cür müqayisələr bəzən hər iki tərəfdən də edilə bilər ki, bu da ailə həyatına ciddi zərər vura bilər.
Öz şəxsi həyatımızın sərhədlərini qorumaq
O, həmçinin vurğulayır ki, həyat yoldaşları mütləq şəkildə öz şəxsi sərhədlərini qorumağa diqqət etməlidirlər. O əlavə edir: Əminliklə deyə bilərik ki, qadın və kişi öz cinsi və emosional məsələlərini sosial şəbəkələrdə paylaşmamalıdırlar. Həmçinin, həyat yoldaşları evdə olduqları zaman bir-birilə əlaqə qurmaq üçün virtual məkandan istifadə etməməlidirlər.
Hesabat: Seyid Məhəmməd Məhdi Musəvi
Rəyiniz